“Müasir incəsənət xalçalarda” və “Uçan xalça” sərgilərinin açılışı

Azərbaycan Xalçası üzrə V Beynəlxalq Simpoziumun çərçivəsində muzeyimiz tərəfindən hazırlanan “Müasir incəsənət xalçalarda” və “Uçan xalça” adlı iki sərgi-layihənin açılışı oldu.
“Müasir incəsənət xalçalarda” adlı sərgi layihəsinin kuratoru Şirin Məlikovadır. Burada dörd tanınmış rəssamın – Faiq Əhməd, Fərid Rəsulov, CHINGIZ və Butunay Haqverdiyevin müəllifi olduğu beş əsər təqdim olunur. Rəssamların hər biri son on ildə Azərbaycan incəsənətini xaricdə – xüsusilə də məşhur Venesiya Biennalesində iştirak edərək uğurla təmsil etmişlər.
“Uçan xalça” sərgisi “Crossing” (“Kəsişmə nöqtəsi”) layihəsinin yekun hissəsidir. Layihənin məqsədi – Azərbaycan və Avstriyanın müasir incəsənət sahəsində əlaqələrini göstərməkdir.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bu layihənin də kuratorudur. Avstriya tərəfindən layihənin art-məsləhətçisi rəssam, Vyana Tətbiqi Sənət Universitetinin müəllimi Barbara Qrafdır. Lahiyənin hazırlanmasında rəssam və müəllim Tatia Sxirtladze və Vyana Tətbiqi Sənət Universitetinin “Tekstil – azad tətbiqi və eksperimental bədii dizayn” fakültəsinin dekanı Barbara Putz-Pletsko köməklik göstərmişlər.
Layihədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beş tələbəsi – Fərəc Yusubov, Əsmər Yusubova, Firəngiz Məcidzadə, Ləman Hətəmli və Könül Cavadova, Vyana Tətbiqi Sənət Universitetindən isə üç tələbə – Afra Kirxdorfer, Anka Qaya Nidzqorska və Eva-Mariya Şerl iştirak etdilər.
Sərgilərin açılışında Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilov çıxış etdilər.
Sərgi 15 yanvar 2018-ci ilədək davam edəcək.