Bişkekdə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” sərgisi açılıb
Aprelin 21-də Qırğızıstan Milli İncəsənət Muzeyində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub. Mərasimdə Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Gülbara Abdıkalıkova, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, eləcə də İran, Pakistan və Özbəkistanın Qırğızıstandakı səfirləri və iki ölkənin mədəniyyət xadimləri, digər qonaqlar iştirak ediblər. Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və qırğızıstanlı həmkarı Gülbara Abdıkalıkova çıxış edərək mədəniyyət günlərinin əhəmiyyətini vurğulayıblar.
Sərginin rəmzi açılışını bildirən lent kəsildikdən sonra Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova “Xalça və qurama sərgisi” bölməsində yer alan eksponatlar haqqında qonaqlara ətraflı məlumat verib.
Qeyd edək ki, burada Azərbaycan Milli Xalça Muzeyinin fondunda, həmçinin şəxsi kolleksiyalarda yer alan XIX əsrdən müasir zamanadək tarixi dövrü əhatə edən xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri, həmçinin Xalq rəssamı Eldar Mikayılzadənin və qurama ustası Xalidə
Nəsirovanın əl işləri nümayiş olunur.