“Macarıstanda toxuculuq” sərgisi

Cari ilin 17 mart tarixində Azərbaycan Xalça Muzeyində “Macarıstan Günləri” layihəsi çərçivəsində “Macarıstanda toxuculuq” adlı qobelen sərgisinin açılış mərasimi keçirildi. Bu layihə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın himayəsi ilə Macarıstanın ölkəmizdəki səfirliyi və Heydər Əliyev Fondu arasındakı əməkdaşlıq çərçivəsində keçirildi.

Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski və Macarıstanın İnsan Resursları Nazirliyinin mədəniyyət işləri üzrə müşaviri Peter Hoppal çıxış etdilər. Sərginin kuratoru Hedi Sepeş qonaqların diqqətinə çatdırdı ki, sərgidə qobelen sənətinin keçmişini və gələcəyini əks etdirən dünya şöhrətli, təsviri və tətbiqi incəsənət sahələri üzrə mükafatlara layiq görülmüş 18 macar sənətkarının işləri təqdim olunur. Burada Edit Baloq, Ester Beny, Beata Hosler, İbolya Hed, Erjebet Katona Sabo və başqalarının həm ənənələrə söykənən, həm də müasir üslubda hazırladıqları qobelen nümunələri sərgilənir.

Qeyd edək ki, “Macarıstanda toxuculuq” sərgisi martın 19-dək davam edəcək.