Azərbaycan Milli Xalça Muzeyinin pərdəarxası
Bu gün tarixi yaddaşımız, milli sərvətimiz, keçmişimizin aynası olan xalçaların ən zəngin kolleksiyalarının qorunub saxlandığı qədim sənətin müasir məkanı – Azərbaycan Milli Xalça Muzeyi ölkəmizin ən çox ziyarət edilən aparıcı mədəniyyət ocaqlarından biridir. Sevindirici faktdır ki, hər il on minlərlə insan təkcə Azərbaycan deyil, dünya mədəni irsinin əvəzsiz sənət nümunələri sayılan unikal xalçaları görmək üçün buraya üz tutur. Amma onlar, əlbəttə ki, muzeyin ancaq tamaşaçılara açıq olan hissəsini gəzə, ekspozisiya və sərgi salonunda nümayiş etdirilən nadir eksponatları görə bilirlər.
Bunu nəzərə alaraq, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Fotoqrafları Birliyi 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə maraqlı bir layihə həyata keçirdi. Birliyin üzvləri muzeyin qonaqlara bağlı olan Fond, həmçinin Konservasiya, bərpa və profilaktik nəzarət şöbələrinin sehrli qapılarını açaraq, maraqlı fotoreportaj hazırladılar. Onlar yarandığı gündən daim böyük maraq doğuran bu möhtəşəm muzeyin fondunda illərlə çalışan xəzinə mühafizəçilərini, daim arxa planda qalan qəhrəmanları həm çəkiblər, həm də danışdırıblar.
Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, Baş fond mühafizi, muzeyin ekspert komissiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova
Mən Xalça Muzeyində 1990-cı ilin dekabrında baş mühafiz, fond müdiri vəzifəsinə təyin olunmuşam. Bu illər ərzində iki dəfə muzeyin əsas fondunun kolleksiyalarını tam şəkildə yeni binaya köçürmüşəm. Bilirsiniz ki, muzeyin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılıb. Ölkəmiz müstəqillik qazandıqdan sonra, 1992-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürülüb. Və nəhayət 2014-cü ildən Prezidenti İlham Əliyevin Sərəncamına əsasən avstriyalı memar Frans Yansın layihəsi əsasında tikilən, muzey işinin ən müasir tələblərinə cavab verən yeni binada fəaliyyət göstərir.
Bu illər ərzində xalqımızın milli sərvətini etibarlı qorumaq üçün bütün gücümlə çalışmışam. Həm muzeyin ekspert komissiyasının üzvü, həm də baş fond mühafizi kimi işimi çox sevirəm. Ona görə bütün çətinliklərə, məsuliyyətin ağırlığına baxmayaraq, ömrümün 35 ilini bu sahəyə həsr etməkdən hər zaman qürur duymuşam.
Hazırda muzeyimizin kolleksiyasında 10 mindən artıq eksponat var. Bizim işimiz kolleksiyalarımızın zənginləşdiriliməsində birbaşa iştirak etmək, tarixi-mədəni irsimizi qorumaq, onlar üzərində əsaslı elmi-tədqiqat işləri aparmaq, və gələcək nəsillərə etibarlı şəkildə çatdırmaqdır. Həmçinin ölkəmizdə və xaricdə təşkil olunan çoxsaylı sərgilər üçün eksponatların seçilməsi, onlarla bağlı məlumatların təqdim edilməsi də qarşımızda dayanan əsas vəzifələrdir.
Onu da qeyd edim ki, təhlükəsizlik və mühafizənin təşkili muzey sərvətləri və kolleksiyalarının uçotu və mühafizəsinə dair təlimata əsasən həyata keçirilir. Bina siqnalizasiya və müşahidə kameraları ilə tam təchiz olunub. Mühafizə işinə daxili təhlükəsizlik işçiləri və mühafizə polisinin əməkdaşları nəzarət edirlər. Muzeydə xüsusi diqqət göstərilən məsələlərdən biri saxlanc yerlərində temperatur və rütubət rejiminin lazımi səviyyədə saxlanılması, işıqlandırma və havalandırma sisteminin təlimata uyğun olması, yanğından mühafizənin təşkilidir.
Bir sözlə, tam arxayınlıqla deyə bilərəm ki, muzeyimizin kolleksiyalarındakı zəngin milli irsimiz lazımi səviyyədə qorunur, təbliğ edilir.
Xalça sektorunun müdiri, mühafiz Səbinə Qurbanova
20 ildən artıqdır ki, çalışdığım və ilk iş yerim olan bu doğma məkan mənim üçün əvəzolunmazdır. Hazırda “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları” kolleksiyalarının mühafiziyəm və məsuliyyətimdə 5000-dən çox eksponat var. Digər əməkdaşlardan fərqli olaraq, fond işçiləri yüz, hətta min illərlə yaşı olan eksponatlara birbaşa toxuna, onları araşdıra bilir, müxtəlif mənbələrdə onlarla bağlı məlumat axtarır, sanki “detektiv” rolunu oynayırlar. Bu, zamana səyahət etmək kimidir. Hər muzey əşyasının fərqli bir hekayəsi var. Onlar millətin, ailənin və ya fərdin tarixini danışır. Bizim işimizi maraqlı edən məhz belə məqamlardır.
Dekorativ-tətbiqi sənəti sektorunun müdiri, mühafiz Könül Ağayeva
Fondda hər bir eksponat fərdi yanaşma, xüsusi diqqət tələb edir. Hətta deyərdim ki, biz onları göz bəbəyi kimi qoruyuruq. Muzeyin ən zəngin kolleksiyalarından birinin mühafizi kimi işimin məsuliyyət yükü ağırdır, amma yenə də bu vəzifəni icra etdiyim üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm. XIX-XX əsrlərə aid 1200-dən artıq dəyərli sənət nümunəsinin lazımi səviyyədə qorunması gələcək nəsillər üçün önəmli miras sayıla bilər. Bu kolleksiyanın ən qədim nümunəsi Naxçıvanın Xaraba Gilan ərazindən tapılmış XII-XIII əsrlərə aid kətan parça fraqmentidir.
Dekorativ-tətbiqi sənəti sektorunun elmi işçisi, mühafiz Həmidə Tağıyeva
Biz muzeyin insanlar üçün sirli qalan hissəsində çalışan arxa cəbhə əsgərləri kimiyik. Öz sərhədimizdə ayıq-sayıq, ehtiyatlı, cavabdehlik duyğusu ilə dayanmışıq. “Bədii metal”, həmçinin muzeyin ən qədim və qiymətli “Çini, şüşə, ağac, kağız” kolleksiyalarının fond mühafizi kimi xalqımızın məişət mədəniyyətinin və bədii təfəkkürünün təcəssümü olan 2000-dən artıq eksponatın məsuliyyətini daşıyıram. Hər dəfə saxlanc otaqlarına daxil olanda, xalq sənətkarlarının misdən hazırladığı incə, mürəkkəb naxışlı əşyaları, arxeoloji qazıntılar zamanı tapılmış, qədim sənətin mühüm mərhələlərini əks etdirən keramika məlumatlarını və s. görəndə işimə daha çox bağlanıram.
Konservasiya, bərpa və profilaktik nəzarət şöbəsinin müdiri Dilavər Kərimova
Sanki eksponatlar “xəstə”, biz isə onları müalicə edən, yaşadan, ömürlərini uzadan, zamanla qocalmasını ləngidən həkimlərik.
Eksponatı bərpa etmək onu ilkin vəziyyətinə qaytarmaq deməkdir. Bu zaman onun qədimliyi itir. Konservasiya isə əsərin zamanın, mühitin qaçılmaq mənfi təsirlərindən qorunması, dağılmasının, sökülməsinin və s. qarşısının alınması, olduğu vəziyyətdə saxlanmasıdır. Ona görə muzeyimizdə sənət nümunələri əsasən konservasiya edilir, ancaq çox ehtiyac olarsa, üzərində kiçik bərpa işəri aparılır. Əməkdaşlarımız hər bir əşyaya individual yanaşaraq işlərinin öhdəsindən böyük ustalıq və bacarıqla gəlirlər. Yeni alınmış eksponatlara baxış, əsərlərin ekspozisiyada, muzeydaxili və muzeydən kənarda keçirilən sərgilər üçün hazırlanması, qablaşdırılması işi də onlar tərəfindən layiqincə yerinə yetirilir.
Tariximizi əks etdirən eksponatların qorunub saxlanmasında, gələcək nəsillərə ötürülməsində əməyimizin olmasını bilmək bizə böyük qürur hissi verir.