Azərbaycan Milli Xalça Muzeyində kolleksiyaçı Əmir Oskouei ilə görüş keçirilib

Azərbaycan Milli Xalça Muzeyində ABŞ vətəndaşı, əslən azərbaycanlı kolleksiyaçı Əmir Oskouei ilə görüş keçirilib. Muzeyin direktoru Əminə Məlikova, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva, AMEA-nın aparıcı elmi işçisi Telman İbrahimov çıxış edərək 24 dekabr 2024-cü ildə açılan “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisinin əhəmiyyətindən danışıblar. Əmir Oskoueinin milli irsimizin qorunub saxlanması və təbliği naminə fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayıblar.

Əmir Oskouei kolleksiyasında olan XVII-XVIII əsrlərə aid nadir xalça və bədii tikmə nümunələrinin Azərbaycan Milli Xalça Muzeyində nümayiş etdirilməsindən, tamaşaçıların bu sərgiyə xüsusi maraq göstərməsindən məmnunluğunu ifadə edib. Sonra Əmir bəy qonaqların suallarını cavablandırıb.

Tədbirdə caz pianoçu,bəstəkar, ifaçı Leyla Noir klassik və xalq mahnıları ifa edib.