1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival keçiriləcək

Əziz dostlar!

Azərbaycan Milli Xalça Muzeyində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival keçiriləcək. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan festivalda muzeyimizin balaca dostları üçün “Nənəmin sandığından” moda nümayişi, “Göyqurşağı” rəsm sərgisi baş tutacaq. Burada musiqi və rəqs qruplarının, yaradıcı kollektivlərin bir-birindən maraqlı ifalarından ibarət konsert proqramı, kloun şousu təqdim ediləcək.

Həmçinin Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən hazırlanan “Uçan xalça” marionet teatr tamaşası göstəriləcək, müxtəlif ustad dərsləri, “face art” təşkil olunacaq.

Muzeyin uşaqlar üçün təşkil etdiyi festivalın əsas məqsədi Azərbaycanın milli xalça sənətini, qədim naxışlarımızı və təbiəti proqrama daxil olan əyləncəli və maarifləndirici tədbirlər vasitəsilə onlara daha sevdirməkdir.

Odur ki, vaxtını maraqlı, səmərəli keçirmək istəyən dostlarımızı doğma məkana – Azərbaycan Milli Xalça Muzeyinə gələrək rəngarəng festivaldan zövq almağa dəvət edirik.