Azərbaycan Milli Xalça Muzeyində Novruz bayramı qeyd olunub

Azərbaycan Milli Xalça Muzeyində xalqımızın qədim ənənəsi, həmrəyliyimizin rəmzi olan bahar nəfəsli Novruz bayramı münasibətilə muzeyin Uşaq şöbəsi tərəfindən tədbir keçirilib.

Şənlik muzeyin Uşaq Birliyinin üzvlərinin, Laçın rayonu M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin, Füzuli şəhəri Seyid Şuşinski adına 1 nömrəli incəsənət məktəbinin şagirdlərinin, “Röya” və “Dozado” rəqs qruplarının iştirakı ilə baş tutub. Burada qədim və əziz Novruz bayramının zəngin ənənələrini, mərasimlərini, məşhur personajlarını, simvollarını əks etdirən oyunlar, tamaşalar göstərilib, rəqslər ifa edilib, həmçinin xüsusi istedadlı uşaqların əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.

Bahar bayramını böyük sevinc və şən əhval-ruhiyyə ilə qarşılayan muzeyin balaca dostları üçün tematik ekskursiya, Novruz atributları və xalça ornamentlərinə aid ustad dərsləri keçirilib.