“Lətif Kərimov: xalça sənətinə həsr olunmuş həyat” sərgisi

17 noyabr 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyi və Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin birgə əməkdaşlığı çərçivəsində görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun 110 illik yubileyinə həsr olunmuş “Lətif Kərimov: xalça sənətinə həsr olunmuş həyat” sərgisinin açılış mərasimi keçirilib.

Sərgidə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyi öz fondundan 7 ədəd xalça və 4 ədəd xalça məmulatı təqdim edib. Burada müxtəlif illər ərzində tərtib olunan eskizlər kolleksiyası və onların əsasında toxunan müəllif xalçaları, Azərbaycan klassik xalça və ornamentlərinin eskizləri və onların əsasında toxunan xalça və xalça məmulatları, habelə Lətif Kərimovun bədii tərtibat verdiyi tətbiqi sənət nümunələri, rəssamın ailəsi tərəfindən təqdim edilən və bu günə qədər heç bir yerdə dərc olunmayan Lətif Kərimovun şəxsi arxivindən materiallar – məktublar, fotoşəkillər, onun fərdi sərgilərinin rəy kitablarından qeydlər nümayiş olunub.

Sərgi çərçivəsində “Azərbaycan Xalça Muzeyinin kolleksiyasindan: Lətif Kərimovun müəllif əsərləri” adlı kitab təqdim olunub. Kitabda muzeydə qorunan, Lətif Kərimovun müəllifi olduğu eskizlər və xalçalar, Kərimovlar ailəsinin şəxsi arxivində saxlanılan, bu günə qədər heç bir yerdə nümayiş olunmayan fotoşəkillər, sənədlər və məktublar dərc olunmuşdur.

Qeyd edək ki, “Lətif Kərimov: xalça sənətinə həsr olunmuş həyat” sərgisi 17 noyabr 2016-18 yanvar 2017-ci il tarixləri ərzində davam edib.