18 may – Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Günü münasibətilə 16-18 may tarixlərində Azərbaycan Milli Xalça Muzeyində silsilə tədbirlər təşkil olunub.

Mayın 16-da muzeydə xüsusi yaradılmış “Çələbi” otağında 20 nömrəli məktəbin 4b sinfinin şagirdləri üçün Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə “Mənim dünyam” adlı art terapiya seansı təqdim edib.

Gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək və onlara qarşı mübarizəyə təşviq etmək məqsədilə mayın 17-də mühazirə keçirilib. “İqlim dəyişmələri qlobal ekoloji problem kimi” adlı mühazirə İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən təqdim olunub.

Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyimizdə “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstərilib. Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən hazırlanan tamaşada şöbənin nəzdində yaradılmış Uşaq Birliyinin üzvləri və 132-134 nömrəli təhsil kompleksinin V sinif şagirdləri, həmçinin “Azəri inciləri” rəqs qrupu çıxış edib. Yerüstü ekosistemin mühafizəsi mövzusuna həsr olunan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitib.

Tədbirlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu ilin devizi “Muzeylər, dayanıqlılıq və rifah”

idi.