“Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında

8 il öncə noyabrın 26-da əsrlərdir nəsillərdən-nəsillərə ötürülərək yaşadılan Azərbaycanın qədim və əsrarəngiz xalq sənətkarlığı nümunələrindən olan kəlağayı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Bu milli mənəvi dəyərlərimizə, onların qorunmasına dövlət səviyyəsində yüksək daimi diqqət və dəstək nəticəsində əldə olunmuş uğurlardan biridir.

Sevindirici haldır ki, milli kəlağayı sənəti bu gün də yaşadılılr və daha da inkişaf etdirilir. Azərbaycan Milli Xalça Muzeyi də bu dəyərli mədəni irsimizin qorunması və təbliği işinə öz töhfəsini verir. Hazırda muzeyimizin “Parça, geyim, tikmə” kolleksiyasında kəlağayı sənətinin zənginliyini əks etdirən nadir nümunələr qorunub saxlanılır. Ekspozisiyamızda nümayiş olunan orijinal kompozisiyalı bu kəlağayılardan bir neçəsini sizə təqdim edirik.