Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə tədbir keçirildi.

Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə tədbir keçirildi.
Qonaqlar öncə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova xalqımızı şanlı qələbə münasibətilə təbrik etdi. Şirin xanım onun təşəbbüsü və təşkilatçılığı ilə reallaşan “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” layihəsi barədə məlumat verdi. Qeyd etdi ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən layihə çərçivəsində Muzeyin kolleksiyasında qorunan beş klassik xalçanın (“Şamaxı”, “Xilə-buta”, “Xətai”, “Əjdahalı”, “Naxçıvan”) təbii yunun öz rəngindən istifadə edərək replikaları toxunub: “Xalçatoxumada bu ən erkən texnoloji üsul sayılır. Təbii boyaq maddələri ilə boyanma prosesi başlanandan sonra bu üsuldan daha az istifadə olunurdu. Müasir dövr Azərbaycan xalçaçılığında ilk dəfə tanınmış xalçaçı-rəssam Cəfər Müciri yunun öz təbii rənglərinin müxtəlif çalarlarından məharətlə istifadə edərək XVII əsrdə yaşayıb-yaratmış şair Saib Təbriziyə həsr olunan xalça toxuyub. Hazırda həmin əsər muzeyin kolleksiyasında saxlanılır”.
Sonra tanınmış fotorəssam Əqdəs Bağırzadənin muzeydə çəkdiyi fotoşəkillər əsasında hazırlanmış videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı qələbə münasibətilə təbriklərini çatdırdı, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman Vətən övladlarına Allahdan rəhmət dilədi.
Sonra Anar Kərimov Azərbaycan ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Azərbaycan xalçaçılarını təbrik etdi, onlara uğurlar arzuladı. Qeyd etdi ki, zaman-zaman işğala məruz qalan ölkəmizin əsrlərlə yaşı olan maddi mədəni irs nümunələri, o cümlədən xalçalar qarət edilib, xarici ölkələrə aparılıb: “Sevindirici haldır ki, bir çox nadir xalça nümunələrinin ölkəmizə qaytarılması istiqamətdə addımlar atılıb. Azərbaycan Milli Xalça Muzeyi də öz növbəsində bu istiqamətdə mühüm işlər görür”.
A.Kərimov dövlət tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişaf etdirilməsinin, beynəlxalq arenada tanıdılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirdi: “Ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar çox əhəmiyyətli işlər görülüb və bu sahədə fəaliyyət uğurla davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə YUNESKO-nun baş qərargahında və bir sıra ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır”.
Anar Kərimov illərdir doğma məkanından uzaq düşən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının öz vətəninə qayıdacağını, 30 ilə yaxındır qəriblik həyatı yaşayan xalçaların doğma məkanında sərgilənəcəyini vurğuladı və çıxışını daha bir xoş xəbərlə yekunlaşdırdı. Yaxın zamanlarda dünya hərraclarına çıxarılmış Azərbaycana məxsus iki Qarabağ xalçasının əldə edilərək vətənə qaytarılacağını dedi. XVIII-XIX əsrlərə aid bu xalça nümunələrinin Milli Xalça Muzeyinə gətirildikdən sonra ictimaiyyətə təqdim olunacağını vurğuladı.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov Azərbaycan – YUNESKO əlaqələri, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri Vidadi Muradov Qarabağ xalçaları və s. barədə məlumat verdi.
Sonra qonaqlar “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” adlı sərgi ilə tanış oldular. Sərgidə xalçalarla yanaşı onların toxunuşunda istifadə edilən yun nümunələri, onlardan əyrilən iplər də nümayiş etdirildi.