Xalça “Rüstəm və Söhrab”

Əziz dostlar,
Bu gün sizə muzey kolleksiyasında qorunan “Rüstəm və Söhrab” adlı süjetli xalça haqqında söz açacayıq.
Ornamentli xalçalarla yanaşı, Qarabağda süjetli xalçalar da toxunurdu. Süjetli xalçalar arasında “Rüstəm və Söhrab” mövzusu geniş vüsət almışdır. Bu xalçalar Xocalıda da toxunurdu. Xalçanın süjeti Firdovsinin “Şahnamə” poemasından götürülüb. Toxucu əsərdə baş verən hadisələri nəzərə alaraq ata və oğulu qarşı-qarşıya təsvir edir. Libaslarına və görkəmlərinə görə ata və oğul bir-birindən fərqlənmirlər. Yeganə fərq Rüstəmin saqqalının uzun olması və sonunda haçalanmasıdır. Obrazların əzəməti və monumentallığı kompozisiyanın mərkəzində sxematik və zərif təsvir edilən ağacla tamamlanır.
 
Xalça “Rüstəm və Söhrab”. Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası