Rusiya Etnoqrafiya Muzeyində​ Azərbaycan dekorativ-tətbiqi sənətinin yüzdən çox misilsiz nümunəsinin nümayiş olunduğu sərgi çərçivəsində sənətsevərlər üçün​ “Uçan xalça: Şərqə səyahət ” adlı ailə proqramı keçirilib.

Rusiya Etnoqrafiya Muzeyində​ Azərbaycan dekorativ-tətbiqi sənətinin yüzdən çox misilsiz nümunəsinin nümayiş olunduğu sərgi çərçivəsində sənətsevərlər üçün​ “Uçan xalça: Şərqə səyahət ” adlı ailə proqramı keçirilib.
3 saatlıq proqram ərzində muzeyin ziyarətçiləri “Tale ipini xalçaya toxuyaraq ... Azərbaycanın dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisinin kuratoru Yelena Leonidovna Kubel ilə sərgini gəzərkən özlərini qonaqpərvər şərq şəhəri olan Bakıda, onun qədim küçələrində hiss ediblər. Bununla yanaşı, proqram iştirakçıları “Cənubi Qafqaz xalqları” daimi ekspozisiyasına ekskursiya edərək bu xalqların mədəniyyətinə bələd olmaq şansı qazanıblar.
Proqram müddətində uşaqlar üçün də sərgiyə və ekspozisiyaya maraqlı səyahət təşkil olunub. Azyaşlı qonaqlar həmçinin​ yaradıcılıq emalatxanasında keçirilən “Təəssüratlarım” ustad dərsində ənənəvi şərq ornamentləri ilə unikal açıqca​ nümunələri hazırlayıblar və onları xatirə olaraq özləri ilə aparıblar.
Ailə proqramı zamanı qonaqlar çayla ləziz şərq şirniyyatlarının dadına baxıblar. Ziyarətçiləri Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək məqsədilə muzeydə “Çinar” vokal-xoreoqrafik ansamblının konserti təşkil olunub,​ xalq çalğı alətləri və ​ xalça toxuma​ üzrə​ ustad dərsləri keçirilib.
Qeyd edək ki, Rusiya Etnoqrafiya Muzeyi tədbirin tərəfdaşlarına - Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğuna, Azərbaycan Milli Xalça Muzeyinə, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinə, “Simurq” Azərbaycan Gənclər Birliyinə, “Çinar” ansamblına, “Azərçay”-a və VK sosial şəbəkəsinə minnətdarlığını bildirib.
Qeyd edək ki, tədbirin videoçəkilişinə muzeyin VK sosial şəbəkəsindəki qrupunda baxa bilərsiniz.