Sinəbənd “Qarabatdaq”
Əziz dostlar,
Bu həftə ərzində sizi kolleksiyamıza daxil olan yeni eksponatlarla tanış edəcəyik. Qeyd edək ki, bu dekorativ-tətbiqi sənət inciləri muzey fonduna 2020-ci ildə daxil edilmişdir. İlk təqdim etdiyimiz yeni eksponat XIX əsrin sonuna aid Naxçıvanda hazırlanan “Qarabatdağ” sinəbəndidir.
Mürəkkəb quruluşa malik olan qadın bəzək əşyasının bədii tərtibatı bir-birinə qarmaqlarla birləşən, basmaqəlib üsulu ilə hazırlanmış, üçyarpaq, ulduz, balıq, aypara və digər formalı asma piləklərdən ibarətdir. Belə zərgərlik nümunələrini adətən şəhər xanımları taxardılar. Yüksək peşəkarlıq, yaradıcı yanaşma və incə zövqlə fərqlənən bu sənətkarlıq nümunəsi ənənəvi olaraq qadın geyim dəstinin ayrılmaz hissəsi olmuşdur.
Sinəbənd “Qarabatdaq”. Naxçıvan, Azərbaycan. XIX əsrin sonu. Qızıl. Basmaqəlib. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası