“Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” adlı beynəlxalq konfrans öz işini uğurla başa çatdırıb.

13-15 oktyabr tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Muzey İdarəçiliyi (INTERCOM) və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları (ICME) üzrə beynəlxalq komitələrinin birgə əməkdaşlığı ilə “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” adlı beynəlxalq konfrans öz işini uğurla başa çatdırıb.

Hibrid formatda (canlı və onlayn iştirak) keçirilən konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə baş tutub. Konfransda əyani olaraq dünyanın bir sıra ölkərindən (Azərbaycan, Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya, Niderland) 10 mütəxəssis, o cümlədən beynəlxalq komitələrin sədrləri iştirak edib. 100-ə yaxın xarici və yerli muzey mütəxəssisi konfransa onlayn şəkildə qatılıb.

Üç gün davam edən konfransda “Muzeylərin dekolonizasiyası: mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması və müstəmləkəçilik dövrünün neqativ nəticələrinin aradan qaldırılması”, “Muzeylər və etnoturizm” və “Müasir dövrdə muzey idarəçiliyi” mövzuları üzrə 23 məruzəçi çıxış edib.

Konfrans çərçivəsində qonaqlar üçün maraqlı mədəni proqram təşkil olunub. Azərbaycan Milli Xalça Muzeyi ilə yanaşı, onlar “İçərişəhər” Muzey Mərkəzi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.