2021-ci il 11-12 oktyabr tarixlərində Moskvada Ümumrusiya Dekorativ-Tətbiqi Sənət Muzeyində “Müasir sosial-mədəni mühitin problemləri və dekorativ-tətbiqi sənət müzeyləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilir.
2021-ci il 11-12 oktyabr tarixlərində Moskvada Ümumrusiya Dekorativ-Tətbiqi Sənət Muzeyində “Müasir sosial-mədəni mühitin problemləri və dekorativ-tətbiqi sənət müzeyləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilir. Konfrans Rusiyada “Almaniya ili” çərçivəsində Ümumrusiya Dekorativ-Tətbiqi Sənət Muzeyinin 40 illiyinə həsr edilmiş və Konrad Adenauer Fondunun Rusiya nümayəndəliyi ilə birlikdə təşkil olunmuşdur. İştirakçılar tərəfindən müasir dekorativ sənət üzrə muzey kolleksiyalarının formalaşdırılmasının problemləri, onların yenilənməsi və öyrənilməsinə sistemli yanaşma, dekorativ sənət kolleksiyaları əsasında təhsil təcrübələri və s. mövzular ətrafında məruzələr təqdim olunur.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Sərhədsiz muzey: hamı üçün təhsil” məruzəsi ilə beynəlxalq konfransın işinə qatılmışdır. O, Azərbaycan Milli Xalça Muzeyinin zəngin kolleksiyası, unudulmuş ənənəvi xalça texnologiyalarının dirçəldilməsi, davamlı olaraq müxtəlif auditoriyaya ünvanlanmış təhsil proqramlarının həyata keçirilməsi, fiziki məhdudiyyətli insanların ictimai həyata cəlb edilməsi üçün “inklüziv muzey” və digər innovativ layihələrdən geniş söz açmış və muzeyin əldə etdiyi yeni təcrübələri paylaşmışdır.
Qeyd edək ki, beynəlxalq elmi-praktiki konfransda Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muzeylər Şurasının (İCOM) komitə rəhbərləri eləcə də, Rusiya və müxtəlif xarici ölkələrdən muzey direktorları, alimlər, rəssamlar, dizaynerlər, kurator və qalereya sahibləri iştirak edir.
Konfrans çərçivəsində incəsənət üzrə tanınmış mütəxəssislər Klaudia Bans, Kristof Lind, Mariya Lind, Çjan Çunyanın açıq mühazirələri də dinləniləcəkdir.