“Azərxalça”nın elan etdiyi “Zəfər” kolleksiyası müsabiqəsinin seçim turunu keçmiş 14 nəfər iştirakçısı Azərbaycan Milli Xalça Muzeyində oldular.
“Azərxalça”nın elan etdiyi “Zəfər” kolleksiyası müsabiqəsinin seçim turunu keçmiş 14 nəfər iştirakçısı Azərbaycan Milli Xalça Muzeyində oldular. Muzeyin direktoru və müsabiqənin təlimçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova gənc rəssamları qarşılayaraq Azərbaycan Milli Xalça Muzeyi və burada sərgilənən ekspozisiya, muzey tərəfindən həyata keçirilən beynəlxalq müsabiqələr, “İnklüziv muzey” və digər layihələr haqqında onlara ətraflı məlumat verdi. Daha sonra təlim iştirakçıları muzeyin “Ənənəvi texnologiyalar” şöbəsində oldular. Burada tətbiq olunan, yenidən dirçəldilən ənənəvi xalça texnologiyaları ilə tanışlıq böyük maraqla qarşılandı. Muzeyin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirov müəllifi olduğu “Zəfər” xalçasının tamamlanmış texniki layihəsi və toxunma prosesi ilə onları tanış etdi. Şirin Məlikova və Taryer Bəşirov “Zəfər” xalçasının kompozisiyası, ideyası, yaranma tarixi və s. haqqında ətraflı danışaraq sualları cavablandırdılar.
Şirin Məlikova, həmçinin təlim iştirakçılarını muzeydə hazırda davam edən “Xalça sənəti-mənaların təkamülü” sərgisi ilə də tanış etdi və layihə haqqında əhatəli söz açdı. Təlim muzeyin konfrans zalında Şirin Məlikovanın məruzəsi və mövzu ətrafında müzakirə və suallarla yekunlaşdı.