Ecazkar xalçalarımız ilhamlandırmaqda davam edir.
Əziz dostlar,
Ecazkar xalçalarımız ilhamlandırmaqda davam edir. Dünyaca tanınmış azərbaycanlı dizayner Rüfət İsmayıl Paris Moda Həftəsi günlərində “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib. Heydər Əliyev Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nümayiş olunan kolleksiya Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib.
Modelyerin yorulmaz enerji və böyük sevgi ilə qısa zamanda yaratdığı “Sumax” kolleksiyasına “Çələbi”, “Qarabağ”, “Şabalıd-buta”, “Nəlbəkigül”, “Açma-yumma”, “Qoca”, “Xanlıq” və digər əsrarəngiz gözəlliyə və koloritə malik xalça naxışlarının əsasında hazırlanan 21 geyim daxildir.
Azərbaycan xalçaçılıq sənətinin incilərini, gözləri və ruhu oxşayan çalarlarını özündə əks etdirən kolleksiya tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.