İran İslam Respublikasının nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində qonaq olub

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian geniş nümayəndə heyəti ilə ölkəmizə səfər edib. Səfər çərçivəsində İranın Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi Nazirliyinin Araşdırma Mərkəzinin keçmiş sədri Bəhruz Emrani və Kazemnia Mədəni, Bədii və Təhsil Fondunun İdarə Heyətinin sədri, xalçaçılıq üzrə mütəxəssis Həmid Kazemnia Azərbaycan Milli Xalça Muzeyində qonaq olublar.
Muzeyin direktoru Əminə Məlikovanın, xalça mütəxəssislərinin və digər əməkdaşların iştirakı ilə keçirilən görüşdə qonaqlara muzeyin tarixi, fəaliyyəti barədə məlumat verilib. Ə.Məlikova xalça sənətinin qorunub saxlanması ilə yanaşı, onun dirçəldilməsi istiqamətində görülən işlərdən danışıb. Həmid Kazemnia xalçaçılığın sadəcə bir sənət deyil, xalqın kimliyi, yaddaşı, birliyinin ifadəsi, sülhün səssiz dili olduğunu bildirib. Görüş zamanı mədəniyyət və turizm sahəsində birgə əməkdaşlığın, qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb, bununla bağlı təkliflər irəli sürülüb.
Nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyinə xovsuz xalça təqdim edib. Əminə xanım isə qonaqlara “Azərbaycan Milli Xalça Muzeyi” kitabını bağışlayıb.
Sonra onlar muzeyin Ənənəvi texnologiya, Konservasiya və bərpa şöbələri ilə yaxından tanış olublar.