Əməkdar rəssam Taryer Bəşirovun 65 illiyinə həsr olunmuş “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi açılacaq

Mayın 3-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərginin açılışı olacaq. Tədbir “Xalçaçı günü” ərəfəsində təşkil olunur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə müəllifin ornamental, portret, süjetli xalçaları, xalça eskizləri, eləcə də orijinal tərzdə işlənmiş nəbati və həndəsi naxışlı, süjetli çətənləri nümayiş olunacaq. Bu sənət əsərləri Azərbaycan Milli Xalça Muzeyinin, Tahir Salahovun Ev-Muzeyinin, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin və T.Bəşirovun şəxsi kolleksiyasındandır.

Xalçaçı-rəssam əsərlərində xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi inciləri, milli irsimizi, dövlətçilik tariximizi əks etdirməyə üstünlük verib. Buna bariz nümunə kimi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr etdiyi “Zəfər” (2021), “Tarixin salnaməsi” (2023) kimi xalçaları göstərmək olar.

Taryer Bəşirovun “Türkün inancı, xalqın qazancı” (2016), “Beşiyim əbədiyyətim” (2024), “Müqəddəs üçlük” (2023) xalçaları qədim türk mədəniyyətindən, inanclarından bəhrələnərək yaradılıb. Orijinallığı ilə diqqət çəkən “Bəhram Gur və Dürsəti” (2024) xalçası isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunub.

Taryer Bəşirov 1986-cı ildə müəllimi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun 80 illiyi münasibətilə yaratdığı “XX əsrin korifeyi” adlı çətəndə ilk dəfə nəbati naxışlar tətbiq edib. O, həm də çətəndə ilk dəfə qızılı saplardan istifadə edən sənətkardır.

Qeyd edək ki, özünəməxsus dəsti-xətti ilə təkrarolunmaz sənət nümunələri ərsəyə gətirən, yaradıcılığında daim müxtəlif yeniliklər edən xalçaçı-rəssamın sərgisinə dair kataloq nəşr olunub.

12 may tarixinədək davam edən sərgi çərçivəsində Əməkdar rəssamın fəaliyyətinə həsr olunan mühazirə də keçiriləcək.