31 Mart tariximizin ən faciəli səhifələrindən biri – Azərbaycanlıların Soyqırımı Günüdür.

Azərbaycan Milli Xalça Muzeyində ermənilərin xalqımıza qarşı xüsusi amansızlıqla törətdiyi soyqırımına həsr olunan tədbir keçirilib. Öncə iştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Səbail rayon İcra Hakimiyyəti başcısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Azərbaycan Milli Xalça Muzeyi Şuşa filialının müdiri Azər Abdullayev çıxış edərək erməni millətçilərinin qəddar mahiyyətini ifşa edən ağlasığmaz cinayətlərdən danışıblar. Xalqımızın başına gətirilən dəhşətli hadisələr nəticəsində onminlərlə dinc azərbaycanlı əhalinin Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və başqa bölgələrimizdə məhz milli mənsubiyyətinə görə qətlə yetirildiyini, mədəniyyət abidələrimizin dağıdıldığını bildiriblər. Bu qanlı cinayətlərə ilk dəfə 26 mart 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla siyasi qiymət verildiyini, 31 Mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini diqqətə çatdırıblar.

Sonda iştirakçılara 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş video-çarx nümayiş etdirilib.