Qobelen “Xəzər neftçiləri”

Əziz dostlar,
 
Müstəqil dövlətimizin inkişafında mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür. Azərbaycan incəsənətində neft mövzusuna daima müraciət olunmuşdur. “Neftçilər günü” münasibətilə həftə ərzində kolleksiyamızdan bu mövzuda işlənmiş əsərlərlə bölüşəcəyik.
 
Bu gün təqdim etdiyimiz “Xəzər neftçiləri” adlı qobelenin müəllifi tanınmış qobelençi rəssam P.Kuzmenkodur. Rəssam ağır əməyin romantikasını həndəsi formalardan istifadə etməklə kubizm üslubunda təsvir edib. Qobelenin dəniz təəssüratı yaradan mavi rəngli fonunda iri neft çənləri və buruqları arasında üç neftçi obrazı verilib. Ağ geyimli, monumental obrazlı neftçilərin çevik hərəkətləri kompozisiyaya dinamiklik gətirir.
 
Qobelen “Xəzər neftçiləri”. Müəllif: Pavel Kuzmenko. 1975-ci il. Yun. Keçirtmə. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası