Qobelen “Neft daşları”
Əziz dostlar,
“Neftçilər günü”nə həsr olunan həftəmiz davam edir. Kolleksiyamızdan təqdim etdiyimiz növbəti eksponat Faiq İbrahimovun “Neft daşları” qobelenidir. Xəzərin “Neft daşları” həm sənaye motivi, həm də ağır əməyin romantikası kimi rəssamlarımız üçün hər zaman ilham qaynağı olmuşdur.
Göy, mavi kimi soyuq rənglərlə dəniz mühitinin yaradıldığı bu qobelendə də, insanın titanik əməyinin nəticəsi olan “Neft daşları” təsvir edilmişdir. Rəssam burada daha çox şərti dil üsulundan yararlanmış, rəng vasitəsi ilə tamaşaçıda forma qavranılmasına çalışmışdır. Saçaqlarla tamamlanan qobelenin mərkəzində “Neft daşları”nın təsviri qabarıq üsulla yaradılmışdır. Tünd göy, qızılı rənglərlə işlənmiş monumental görünüşlü “Neft daşları”nın su üzərində də əksi verilmişdir.
Qobelen “Neft daşları”. Müəllif: Faiq İbrahimov. 1979-cu il. Yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası